Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskva və Kiyevə səfərlərinin Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar prosesinin fəallaşmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Fidan xatırladıb ki, Türkiyə daha əvvəl İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlara ev sahibliyi edib. Ankara həmçinin Qara dəniz taxıl sazişi də daxil olmaqla, bir sıra vasitəçilik təşəbbüsləri irəli sürüb.
“Ümid edirəm ki, Moskva və Kiyevə səfərlərimiz göstərdiyimiz səylərdə müsbət nəticələr verəcək”, — deyə nazir bildirib.
Hakan Fidan iyunda Rusiyaya səfər edərək Kazanda Prezident Vladimir Putinlə görüşüb.
Türkiyəli nazir iyulun 15–16-da Ukraynaya səfər edəcək. Səfər çərçivəsində onun Prezident Volodimir Zelenski, xarici işlər naziri Andrey Sibiqa və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşləri nəzərdə tutulub.

