1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbdə möhtəşəm tədbir keçirilib.
Məktəbin həyətində təşkil olunan şənlik məktəbin şagirdləri, müəllimlər və valideynlər tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin açılışında məktəbin direktoru Afət Camalova balacalara ürəkdən gələn təbriklərini çatdırıb. O, qeyd edib ki, uşaqlar hər bir ölkənin, hər bir ailənin gələcəyidir. “Sizin sağlam, xoşbəxt və təhlükəsiz böyüməyiniz bizim üçün ən vacib məsələdir. Sizə xoşbəxt uşaqlıq, maraqlı oyunlar və gözəl gələcək arzulayıram,” – deyə direktor vurğulayıb.
Daha sonra tədbir məktəbin şagirdlərinin rəngarəng və şən çıxışları ilə davam edib. Uşaqların ifasında səslənən şeirlər, mahnılar və müxtəlif səhnəciklər alqışlarla qarşılanıb. Xüsusilə məktəbin aşağı sinif şagirdlərinin hazırladığı rəqs nömrələri tədbirə xüsusi rəng qatıb.
Bununla yanaşı, uşaqlar üçün əyləncəli viktorinalar və oyunlar da təşkil olunub. Rəngarəng dekorasiyalar, şarlarla bəzədilmiş məktəb həyəti bayram əhval-ruhiyyəsini daha da artırıb. Balacalar gün boyu müxtəlif müsabiqələrdə iştirak edərək şən və yaddaqalan anlar yaşayıblar.
Tədbirdə çıxış edən müəllimlər və valideynlər uşaqların hüquqlarının qorunmasının vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, uşaqların təhsili, sağlamlığı və xoşbəxtliyi cəmiyyətin inkişafı üçün əsas prioritetlərdən biridir.
Qeyd edək ki, hər il iyunun 1-i dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu əlamətdar gün uşaqların hüquqlarının qorunması, onların xoşbəxt, təhlükəsiz və sevgi dolu bir mühitdə böyüməsinin vacibliyini vurğulamaq məqsədi daşıyır. Uşaqlar həyatın ən gözəl, təmiz və dəyərli nemətləridir. Onların sağlam və xoşbəxt inkişafı hər bir cəmiyyətin və dövlətin əsas prioritetlərindən biri olmalıdır.
Bu gün dünya ölkələrində müxtəlif tədbirlər keçirilir: uşaq festivalları, konsertlər, şənliklər, idman yarışları və digər maraqlı proqramlar uşaqlara həsr olunur. Məktəblərdə, bağçalarda və mədəniyyət mərkəzlərində uşaqlar üçün xüsusi proqramlar hazırlanır, onlara qayğı və diqqət göstərilir.
Azərbaycan da bu bayramı xüsusi qeyd edir. Respublikamızda uşaqların hüquqlarının qorunması üçün mühüm qanunvericilik bazası mövcuddur, uşaqların sağlam böyüməsi üçün dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil müəssisələri, məktəblər və istirahət mərkəzləri uşaqların inkişafı üçün daim fəaliyyət göstərir.
Uşaqların təbəssümü dünyamızı daha gözəl və rəngarəng edir. Onların xoşbəxtliyi üçün valideynlər, müəllimlər və bütün cəmiyyət əl-ələ verərək çalışmalıdır. Uşaqlara diqqət və qayğı göstərmək, onların maraqlarını müdafiə etmək yalnız bu gün deyil, hər gün bizim borcumuzdur.
Sonda bütün uşaqlara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib. Beləliklə, Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin balaca şagirdləri üçün bu gün unudulmaz bayram kimi yadda qalıb.