Tanınmış jurnalist və aparıcı Ülkər Qasımqızı Xaçmaz rayonunun Yergüc kənd tam orta məktəbindəki acınacaqlı vəziyyəti ictimaiyyətin diqqətinə çatdıraraq aidiyyəti qurumları sərt şəkildə tənqid edib.
Denmedia.az-ın məlumatına görə, jurnalist məktəbə gedərək şagirdlərin hansı ağır şəraitdə təhsil aldıqlarını yerində lentə alıb və hazırladığı videomaterialı sosial şəbəkələrdə paylaşıb.
Görüntülərdə məktəb binasının demək olar ki, yararsız vəziyyətdə olduğu açıq-aydın görünür. Ülkər Qasımqızının sözlərinə görə, məktəbin binası qəzalı vəziyyətdədir, pəncərələr demək olar ki, yoxdur, sinif otaqlarında istilik sistemi mövcud deyil. Qış aylarında şagirdlər soyuq siniflərdə dərs keçməyə məcbur qalırlar. Sanitar qovşaqlar isə tamamilə yararsız və gigiyenik tələblərə cavab verməyən vəziyyətdədir.
Jurnalist bu şəraitdə uşaqların sağlamlığının və təhlükəsizliyinin ciddi risk altında olduğunu vurğulayaraq sual edir:
“Bu vəziyyətdə şagirdlər necə təhsil alsınlar? Təhsilin keyfiyyətindən danışmaq olarmı?”
Hazırlanan videoda həmçinin məktəbin divarlarının aşınmış vəziyyətdə olduğu, dam örtüyünün təhlükə yaratdığı da əks olunub. Ülkər Qasımqızı məsuliyyətin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin üzərinə düşdüyünü bildirərək qurumun uzun müddətdir bu problemə göz yumduğunu qeyd edib.
O, aidiyyəti dövlət qurumlarını dərhal tədbir görməyə, məktəbin əsaslı təmir olunmasına və ya yeni məktəb binasının tikilməsinə çağırıb. Jurnalistin fikrincə, bölgələrdə təhsilin inkişafından danışılırsa, ilk növbədə şagirdlər üçün normal və təhlükəsiz təhsil mühiti yaradılmalıdır.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsinin mövqeyi hələlik açıqlanmayıb. Mövzu diqqətdə saxlanılır.
Nizami Rəsulov
Denmedia.az

