"Kreml rəhbərinin xüsusi bir danışıqlar bacarığı var, bunu o, hələ DTK-da təlim alarkən öyrənib..."
ABŞ prezidenti Donald Tramp yavaş-yavaş anlayır ki, Kreml lideri Vladimir Putinlə əlaqə qurmaq düşündüyündən daha çətindir. Lakin Tramp bu məsələdə uğursuz olan sonuncu ABŞ lideridir.
Den.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.
Məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putin artıq bir çox ABŞ prezidentlərini diplomatik sahədə məğlub edib və Donald Tramp bu siyahıdakı sonuncu liderdir. ABŞ hələ də Rusiyayla münasibətlərdə əsas problemi tam dərk etməyib: Putin danışıqlarda xüsusi ustalığa malikdir və bu bacarığını DTK-da keçdiyi təlimlər zamanı formalaşdırıb.
Tramp administrasiyası Ukraynada atəşkəsə nail olmaq məqsədilə bir sıra diplomatik təşəbbüslər göstərsə də, bu səylər ciddi nəticə verməyib. Tramp prezidentliyə qayıtdıqdan sonra Putinlə ən azı iki uzun telefon danışığı aparıb və nümayəndəsi Stiv Uitkoffu bir neçə dəfə Moskvaya birbaşa görüşlərə göndərib. Lakin bu səylər heç bir konkret razılaşma ilə nəticələnməyib. Əksinə, Uitkoff Kremlə yaxın bəzi əsas mövqeləri ABŞ tərəfdən səsləndirməklə, Putinin diplomatik üstünlüyünü bir daha təsdiqləyib.
Məqalədə deyilir ki, Putin danışıqlarda klassik rus taktikasına üstünlük verir: prosesi qəsdən ləngitmək, detallara həddən artıq ilişmək, açıq rədd cavabı vermədən razılaşmanı qeyri-mümkün etmək. Ekspertlər vurğulayır ki, Putin vaxtın onun xeyrinə işlədiyinə inanır və ümid edir ki, aylar keçdikcə Ukraynanı və onun Avropadakı tərəfdarlarını öz şərtlərinə razı salacaq.
Tramp isə beynəlxalq münasibətlərə Putinə bənzər bir baxışla yanaşır- dünya böyük dövlətlərin rəqabət meydanıdır və kiçik ölkələr bu güclərə tabe olmalıdır. Lakin ABŞ administrasiyası Rusiyayla sazişə can atsa da, bu razılaşma üçün yüksək qiymət ödəməyə, məsələn, ABŞ-ın təhlükəsizlik öhdəliklərini artırmağa və ya Ukraynaya daha çox yardım göstərməyə hazır deyil.
Ekspertlərin fikrincə, Putin danışıqlarda manipulyasiya və psixoloji təzyiq texnikalarından istifadə edir: görüşlərə qəsdən gecikmək, xaotik vəziyyətlər yaratmaq, mövqeyini dəyişmək və qarşı tərəfi çaşdırmaq. Məqsəd isə prosesi istədiyi kimi yönləndirərək öz xeyrinə nəticə əldə etməkdir.
Ümumiyyətlə, ABŞ və Rusiya münasibətlərində əsas problem ondan ibarətdir ki, tərəflər bir-birinin məqsəd və maraqlarını doğru anlamır. ABŞ-da bir çox siyasətçilər hələ də Rusiyanın necə dəyişdiyini tam dərk etməyib: Rusiya sadəcə avtoritar dövlətə çevrilməyib, həm də Qərbin öz varlığını belə öz maraqlarına təhlükə kimi görən bir gücə çevrilib.
Son olaraq qeyd edilir ki, ABŞ prezidentlərinin uzun illər boyu Rusiya ilə strateji tərəfdaşlıq qurmaq arzusu reallıqdan uzaq olub. Çünki Rusiyanın tarixi, maraqları və siyasi ənənələri bunu mümkünsüz edib.