Polşa Xarici İşlər Naziri Radoslav Sikorski Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarına seçici yanaşmaqda ittiham olunur.
Denmedia.az xəbər verir ki, Polşalı deputat Slavomir Mentsen sosial şəbəkə X-də yazıb ki, Sikorski Rusiya prezidenti Vladimir Putinə qarşı sərt bəyanatlar verir, lakin İsrailin baş naziri Binyamin Netanyahuya qarşı eyni prinsipləri tətbiq etmir.
“Niyə Polşa bəzi hallarda MCM-in qərarlarını tamamilə görməzlikdən gəlir, digərində isə bu məhkəmənin dediklərini əsas götürmək istəyir, hətta bununla Rusiyanın cavab addımlarını riskə ataraq?” – deputat sual edib.
Mentsen xatırladıb ki, MCM Netanyahu haqqında da “həbs orderi” çıxarıb, amma Varşava onu Auşvits düşərgəsinin azad edilməsinin ildönümünə dəvət edib və təhlükəsizliyinə zəmanət verib.
21 oktyabrda Sikorski Radio Rodzinaya müsahibəsində bəyan etmişdi ki, əgər Putinin təyyarəsi Polşa hava məkanına daxil olsa, məcburi endirilə bilər. O, MCM-in Putinlə bağlı qərarına əsasən Polşanın “öhdəlik daşıdığını” qeyd etmişdi.