Rusiyadakı Azərbaycanlılara qarşı təzyiqlər artdı. Vətəndaşlarımız ölkəyə qayıtmaq haqqında düşünür.
Mövzunu Denmedia.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, bu gedişat fonunda Rusiyada yaşayan azərbaycanlılar, xüsusilə əmək miqrantları, diaspor üzvləri və iş adamlarına qarşı təzyiqlərin artması doğrudur. Onlara qarşı təzyiqlər təkcə hüquqi deyil həm də psixoloji təzyiq formaları ilə özünü göstərir. Azərbaycanlıların kütləvi şəkildə ölkəni tərk etmək istəmələri artıq sadə narahatlıq deyil, bu, konkret bir siyasi mesajın formasıdır.
Rusiya üçün bu, yeni taktika deyil. Keçmişdə də Ukrayna, Gürcüstan və ya Baltik ölkələri Moskvanın orbitindən çıxmağa çalışdıqda, həmin ölkələrin Rusiyadakı diasporları təzyiq hədəfinə çevrilmişdi. Azərbaycan üçün də eyni ssenari səhnələşdirilir.
Burada narahatlıq doğuran əsas məsələ təzyiqlərin koordinasiyalı və planlı şəkildə aparılmasıdır. Bu, tək-tək hadisələrdən ibarət deyil sosial mediada yayılmış hadisələr, hüquq-mühafizə orqanlarının davranışındakı sərtlik, bəzi mətbuat orqanlarında azərbaycanlılara qarşı yönələn neqativ ritorika, ümumi bir atmosferin formalaşdırıldığını göstərir. Əgər bu tendensiya davam etsə, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin səviyyəsində də gərginlik qaçılmaz olacaq. Hətta indikindən də çox...
Hesab edirəm Azərbaycan diplomatiyası daha aktiv, həm də çoxşaxəli formada bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır. Bu gərginliklər uzunmüddətli perspektivdə Azərbaycan ictimaiyyətində daha müstəqil, Qərblə və Türk dünyası ilə inteqrasiyaya açıq siyasi xəttin dəstəklənməsinə səbəb ola bilər. Rusiyanın tətbiq etdiyi təzyiq siyasəti, əksinə, Azərbaycanın müstəqil siyasət yürütmək əzmini gücləndirir.
Ellada Rəsul