Antalyada keçirilən diplomatik forum çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sərgilədiyi mövqe təsadüfi və ya sadəcə ritorik manevr deyil – bu, planlı və siyasi məqsədlərə hesablanmış mövqedir.
Bunu Den.az-a şərhb edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov bildirib ki, Mirzoyanın “Ermənistan Konstitusiya Məhkəməsinin keçənilki qərarı heç bir hüquqi maneə yaratmır” deməsi, əslində reallığı təhrif etmək cəhdidir və sülh prosesini süni şəkildə tormozlamağa yönəlib.
Əvvəla, Ermənistanın Müstəqillik Aktı və Konstitusiyasının bəzi müddəaları, xüsusilə “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ilə bağlı tarixi istinadlar, Azərbaycanın ərazi bütövlüyünə və regionda uzunmüddətli sülhə təhdiddir. Ermənistan Konstitusiya Məhkəməsinin həmin aktı “sərhədlərin tanınmasına hüquqi əngəl deyil” kimi təqdim etməsi, siyasi manipulyasiyadan başqa bir şey deyil. Belə qərarlar beynəlxalq hüquqla ziddiyyət təşkil edir və Ermənistanın sülhə hazır olmadığını nümayiş etdirir.
Mirzoyanın bu mövqeyi daxili auditoriyaya və radikal dairələrə yönəlib. Bu cür bəyanatlar, Ermənistan rəhbərliyinin ölkədaxili təzyiqlər qarşısında zəif mövqe tutduğunu və xarici siyasətdə qeyri-səmimi davrandığını göstərir. Əgər doğrudan da sülh istənilirsə, Konstitusiya və qanunvericilikdə müvafiq dəyişikliklər edilməli, “tarixi iddialar” arxivə qovuşdurulmalıdır.
Azərbaycan tərəfi açıq şəkildə iki konkret şərt irəli sürüb və bu, beynəlxalq hüquqa tam uyğundur: ərazi bütövlüyünün tanınması və sərhədlərin müəyyən edilməsi. Ermənistan isə bu prosesə hüquqi pərdə altında siyasi sabotajla cavab verir. Bu, təkcə region üçün deyil, Ermənistanın öz sabitliyi üçün də təhlükəli tendensiyadır.
Mirzoyanın mövqeyi, əslində, Ermənistanın hələ də keçmişdən qopmadığını və sülhə deyil, status-kvonu uzatmağa çalışdığını göstərir. Lakin bu cəhdlər nə regional reallıqları, nə də Azərbaycanın mövqeyini dəyişdirə bilər.
Ellada Rəsul
Den.az