Ermənistanın ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifini rədd etməsi – siyasi səbəblər və mümkün nəticələr
Ermənistanın ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifini rədd etməsi regionda yeni siyasi gərginliklərin xəbərçisi ola bilər.
Bunu Den.az-a şərh edən Politoloq Xəyal Bəşirovun sözlərinə görə, bu qərarın arxasında təkcə daxili ictimai-siyasi faktorlar deyil, həm də geopolitik maraqlar toqquşması dayanır.
Xəyal Bəşirov
Paşinyanın geri çəkilməsinin səbəbi nədir? Xəyal Bəşirov bildirir ki, son Brüssel görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan dialoqdan sonra rəsmi İrəvanın belə bir addım atması təsadüfi deyil:
> “ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı verdiyi təklif, əslində, Paşinyanın Qərblə daha sıx inteqrasiya planlarının bir hissəsi idi. Lakin bu planlar regiondakı digər güc mərkəzlərinin, xüsusilə Rusiya və İranın sərt reaksiyası ilə qarşılandı. Rusiya açıq şəkildə belə bir dəhlizin öz nəzarətindən kənarda reallaşmasına qarşıdır. İran isə dəhlizin açılması ilə Türkiyə-Azərbaycan tandeminə birbaşa çıxış imkanının yaradılmasından narahatdır,” – deyə politoloq izah edir.
Ekspert hesab edir ki, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və prinsipial mövqe sərgiləməsi, Zəngəzur dəhlizinin geosiyasi çəkisini artırıb. Bu da Paşinyanın qərar qəbul etməsində ciddi təsirə malik olub:
> “Zəngəzur dəhlizi Azərbaycanın Cənubi Qafqazda iqtisadi və nəqliyyat baxımından əsas oyunçuya çevrilməsi üçün açar rolunu oynayır. Azərbaycan bu layihəni yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından vacib hesab edir. Paşinyan isə bu reallığı qəbul etməyə məcburdur.”
Politoloq Xəyal Bəşirov qeyd edir ki, Ermənistanın ABŞ təklifini rədd etməsi Vaşinqton-İrəvan münasibətlərində gərginliyə səbəb ola bilər. ABŞ bu layihə vasitəsilə regionda möhkəmlənməyə çalışırdı. Ermənistanın bu addımı Qərbə olan inamsızlığını və eyni zamanda, Paşinyanın daxili təzyiqlər qarşısında zəif mövqeyini göstərir.
Sonda Xəyal Bəşirov vurğulayır ki, Ermənistan rəhbərliyi həm Qərbin, həm də Rusiya və İranın təzyiqləri arasında balans tapmağa çalışır. ABŞ-ın təklifini rədd etməklə Paşinyan Moskvanın və Tehranın qəzəbindən yayınmağa çalışsa da, bu, Qərblə münasibətlərinə mənfi təsir edə bilər.
> “Paşinyan bir daha sübut etdi ki, Ermənistanın xarici siyasəti qeyri-sabit və ziddiyyətlidir. Bu isə regionda sülh və əməkdaşlıq perspektivlərini daha da sual altına alır,” – deyə politoloq əlavə edib.
Ellada Rəsul