Qeyri-adi düz kəkili ilə internetdə məşhurlaşan ağ şir A Xan iyulun 14-də Çinin Quançjou zooparkında 17 yaşında ölüb.
Bu barədə Guangdong News məlumat yayıb.
Genetik mutasiya nəticəsində ağ rəngə malik olan nadir Cənubi Afrika şiri 2022-ci ilin mayında zooparka gələn ziyarətçilərdən birinin onun fotolarını paylaşmasından sonra dünya miqyasında tanınıb.
Digər şirlərdən fərqli olaraq, A Xanın yalı gur və dağınıq deyil, alnına düşən tamamilə düz kəkil formasında olub. Sosial şəbəkə istifadəçiləri onun saç düzümünü “kare” və ya “mallet” adlandırıblar.

Zoopark rəhbərliyi şirin kimsə tərəfindən qırxılması ehtimalını istisna edib. Bildirilib ki, onun qeyri-adi görünüşünün səbəbi bölgənin iqlimi olub.
Yüksək rütubət və isti hava şəraitində A Xan pəncələrini yalayaraq başındakı tükləri hamarlayıb, rütubətli hava isə yalı daha düz vəziyyətə salıb.

