Portuqaliyada naməlum şəxs futbolçu Cristiano Ronaldonun heykəlini Madeira adasında yandırmağa cəhd edib. Hadisə futbolçunun karyerasına həsr olunmuş CR7 muzeyinin yerləşdiyi ərazidə baş verib.
İnsident muxtar regionun paytaxtı Funchalda, muzeyin yaxınlığında qeydə alınıb. Polisin məlumatına görə, naməlum şəxs bürüncdən hazırlanmış heykəlin üzərinə yanacaq maddə tökərək onu yandırıb və baş verənləri videoya çəkib. Video daha sonra sosial şəbəkədə paylaşılıb.
Alov heykəlin bir hissəsini bürüsə də, qısa müddət sonra sönüb. Abidənin ciddi zədələnməsi barədə məlumat yoxdur. Muzey nümayəndələri bildiriblər ki, hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Polis qeyd edib ki, şübhəlinin şəxsiyyəti müəyyən edilib. O, daha əvvəl də oxşar vandalizm halları ilə bağlı hüquq-mühafizə orqanlarına tanış olub. Hazırda axtarış tədbirləri davam edir.
Qeyd edək ki, Madeirada doğulan Ronaldo 2014-cü ildə heykəlin açılışında iştirak edib. Sonradan abidə vandallıq aktlarından sonra başqa yerə köçürülmüşdü.

