Azərbaycanda keçirilməsi planlaşdırılan “Birliyin Gücü – 2026” birgə hərbi təliminin planlaşdırma konfransı təşkil olunub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbir Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilib.
Konfransda Azərbaycan, Türkiyə, İran, Qırğızıstan, Özbəkistan və Pakistan nümayəndə heyətləri iştirak ediblər.
İştirakçıları salamlayan general-leytenant Azər Əliyev ölkələr arasında hərbi əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
Təlimin əsas məqsədi ordular arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki bacarıqlarının təkmilləşdirilməsi, təcrübə mübadiləsi, eləcə də davamlı sülh və təhlükəsizliyə töhfə verilməsidir.
Konfrans zamanı iştirakçılara təlimin ssenarisi və döyüş epizodları barədə məlumat təqdim olunub. Nümayəndə heyətləri təlimin keçiriləcəyi ərazi ilə də tanış olub və qarşıya qoyulan tapşırıqları dəqiqləşdiriblər.
Tədbirin yekununda iştirakçı ölkələr protokol imzalayıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.





