“Qalatasaray”da yeni mövsüm öncəsi heyət planlaması davam edir. Komandada çıxışı ilə diqqət çəkən Roland Şallainin gələcəyi ilə bağlı yeni iddialar ortaya çıxıb.
Türkiyə mediasının məlumatına görə, Premyer Liqa klubları 29 yaşlı macar cinah oyunçusunu transfer etmək üçün hərəkətə keçib. Şallaini yaxından izləyən klublar arasında “Tottenhem”, “Fulhem” və “Nottingem Forest” var.

Bundan başqa, Acun Ilıcalının sahibi olduğu “Hall Siti” də futbolçunun transfer şərtləri ilə maraqlanan klublar sırasına qoşulub.
“Qalatasaray” rəhbərliyi isə futbolçunu asanlıqla buraxmaq niyyətində deyil. İstanbul təmsilçisinin Roland Şallai üçün 20 milyon avrodan yuxarı qiymət müəyyənləşdirdiyi bildirilir.

Məlumata görə, klubun kassasına 20 milyon avro nağd və əlavə bonuslar daxil etməyən heç bir təklif üzrə danışıqlara başlanmayacaq.
Bu mövsüm “Qalatasaray” forması ilə sabit çıxış edən təcrübəli futbolçu 47 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.


