TalkSPORT-ın məlumatına görə, 13 futbol federasiyası birgə bəyanat yayaraq UEFA prezidenti Aleksander Çeferini tənqid edib. Buna səbəb onun dünya çempionatının yeni, genişləndirilmiş formatı barədə mənfi fikirlər səsləndirməsi olub.
Bəyanatda qeyd olunub ki, dünya çempionatında əhəmiyyətsiz oyun olmur. Federasiyalar bildiriblər ki, Kabo-Verde, Küraçao və Özbəkistan üçün mundiala vəsiqə qazanmaq tarixi nailiyyət və nəsillərin arzusunun gerçəkləşməsidir. DR Konqo və Haiti üçün isə uzun fasilədən sonra futbolun əsas arenasına qayıtmaq xüsusi məna daşıyır.
Onların sözlərinə görə, bu oyunların daha az əhəmiyyətli olması barədə fikir dərin məyusluq doğurur və dünyanın müxtəlif ölkələrində futbolçuların, məşqçilərin, klubların və azarkeşlərin illərlə göstərdiyi səyi, fədakarlığı və arzuları nəzərə almır.
Federasiyalar vurğulayıblar ki, futbolun inkişafı davam etməli, yeni imkanlar yaratmalı, gələcək nəsilləri ruhlandırmalı və oyunun qlobal xarakterini gücləndirməlidir.
Birgə məktubu Kabo-Verde, Küraçao, Özbəkistan, DR Konqo, Haiti, Əlcəzair, Tunis, Mərakeş, Misir, Qana, Seneqal, Cənubi Afrika Respublikası və Kot-d’İvuar futbol federasiyaları imzalayıb.

