İspaniyalı məşqçi Xosep Qvardiola İtaliya millisinə rəhbərlik etmək təklifini rədd edib. Bu barədə “Çempionat” jurnalist Fabritsio Romanoya istinadən məlumat yayıb.
İtaliya Futbol Federasiyası 55 yaşlı mütəxəssisə dördillik layihə təklif edib. Layihə yalnız milli komanda ilə işi deyil, həm də gənc futbolçuların hazırlıq sistemi daxil olmaqla, İtaliya futbolunda islahatların aparılmasında iştirak etməyi nəzərdə tuturdu.
Barselonada keçirilən danışıqlarda federasiyanın texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardo iştirak ediblər. Lakin onların görüşdən nikbin ayrılmadığı bildirilir.
Qvardiola təklifi bu həftə nəzərdən keçirsə də, sonda imtina etmək qərarına gəlib. Məşqçini qarşıda duran işlərin həcmi narahat edib. O, uzun illər davam edən gərgin fəaliyyətdən sonra ailəsinə vaxt ayırmaq və istirahət etmək istəyir.
Mənbələrin məlumatına görə, federasiya nümayəndələri ilə Qvardiola arasında yekun söhbət bir dəqiqədən az davam edib. Bununla belə, mütəxəssisin 2027-ci ildə məşqçilik fəaliyyətinə qayıda biləcəyi istisna olunmur.
Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edib və 2025/26 mövsümünün sonunda İngiltərə klubundan ayrılıb.

