Yeməyin insanlar arasında əlaqə qurmağın ən güclü vasitələrindən biri olduğunu bildirən psixoloq və münasibətlər üzrə ekspert Doktor Andrea Oskis bu barədə Mirror nəşrinə danışıb və münasibətləri birgə süfrə vasitəsilə xilas etməyin yollarını açıqlayıb.
“Birgə yemək münasibətin hansı mərhələdə olmasından asılı olmayaraq bağı möhkəmləndirir. Bu, cütlüklərə yaxınlıq hissi qazandırır.”
Mütəxəssis münasibətləri gücləndirmək üçün birgə yemək zamanı sevilən yeməkləri paylaşmağı tövsiyə edib.
“Tərəfdaşınızı sizdə nostalji hissi oyadan yeməklərlə tanış edin və onların arxasında duran hekayəni danışın. Bu, tərəfdaşınıza sizin üçün nəyin vacib olduğunu göstərir. Eyni zamanda emosional bağın dərinləşməsinə kömək edir.”
Oskis tərəfləri bir-birinin dad zövqlərinə açıq olmağa çağırıb. Onun sözlərinə görə, yemək seçimlərində çeviklik və uyğunlaşma istəyi qayğı və hörmətin göstəricisidir. Bundan əlavə, birgə yemək bişirmək və ərzaq alışına birlikdə getmək də yaxınlaşmanı gücləndirir.
Psixoloq əlavə edib ki, bu üsulların təsirli olması üçün yemək zamanı telefona və ya televizora diqqət yayındırmamaq vacibdir.

