“İlham Əliyevlə Nikol Paşinyanın çox görüşləri olub. Əbu-Dabidə keçirilən görüş əvvəlkilərə bənzəmir”.
Den.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aydın Quliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün ilkin nəticələrini şərhində bildirib.
Onun sözlərinə görə, rəsmi qaydada bütün təfərrüatlarla bağlı məlumat verilməyib. Lakin ehtimallar deyir ki, münasibətlərdə xeyli irəliləyişlər var:
“Əvvəlcə nümayəndə həyətlərindən ibarət geniş tərkibdə, sonra təkbətək və daha sonra yenidən geniş tərkibdə görüş deməyə əsas verir ki, görüşə öncədən dərin və hərtərəfli hazırlıq gedib. Hər iki tərəfdən XİN başçılarının və digər səlahiyyətli şəxslərin iştirakı göstərir ki, aradakı bütün mübahisəli və mübahisəsiz məsələlərə toxunulub. Sərhədlər, kommunikasiyaların açılması, sazişin mətni, məşhur şərtlər, Qarabağdan özləri köçüb getmiş ermənilər, Ermənistandan qovulmuş Qərbi azərbaycanlılar, itkin düşmüş şəxslər, mina xəritələri, xalqların barışığa hazırlanması - bütün məsələlər bu və digər səviyyədə nəzərdən keçirilib.
İşçi qruplar səviyyəsində müzakirələrin davam etdirilməsi barədə razılaşma az önəmli deyil. Demək ki, hansısa “fors-major” olmasa, proses davam edəcək. İkitərəfli danışıqların hər iki tərəfin nəzərində ən səmərəli format kimi təsdiqlənməsinin müstəsna əhəmiyyəti var”.
Aydın Quliyev hesab edir ki, ikitərəfli format barədə razılaşma Azərbaycan-Ermənistan normallaşmasına müdaxilə etməyə çalışan bütün tərəflərə konkret mesajdır:
“Müdaxilə etmək istəyən tərəflərin isə Rusiya, ABŞ və Avropa olması şübhə doğurmur. Demək ki, Əbu-Dabi görüşü ikitərəfli formatın qətiyyətlə razılaşıldığı tarixi görüş kimi dəyərləndirilə bilər. Əlbəttə, vasitəçilik iddiası ilə Azərbaycan-Ermənistan danışıqlarına müdaxilə etmək istəyən tərəflərin sıradan çıxarıldığını söyləmək olmaz. Onlar cəhdlərini davam etdirəcəklər. Həm də hər iki ölkəyə vasitəçilik iddiaçılarının basqılarının güclənəcəyini bu başdan nəzərə almalıyıq.
Azərbaycanla Ermənistan eyni mövqedə siyasət aparmağa başlayır - vasitəçilər istəmirik. Azərbaycan-Ermənistan münaqişəsinin bütün tarixi ərzində belə fürsət ilk dəfə yaranır”.