Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Den.az” xəbər verir ki, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şeyx Məhəmməd bin Zayed Al Nəhyana çatdırmağı xahiş edib.
Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Görüşünün işinə uğurlar arzulayıb. Qonaq Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin, həmçinin bu ərazilərin təbiətinin onda böyük təəssürat hissi oyatdığını deyib.
Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin hər iki ölkənin liderlərinin baxışlarına uyğun olaraq məhz strateji müstəvidə inkişafından məmnunluq ifadə edilib.
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyi vurğulanıb.
Söhbət zamanı “Masdar” şirkətinin Azərbaycanda fəaliyyəti, bərpaolunan enerji sahəsində əməkdaşlıq və strateji fəaliyyət proqramları, bu istiqamətdə gələcək layihələrə dair fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin enerji, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə toxunulub.


