“Azərbaycan və Ermənistan liderləri geniş nümayəndə heyətinin tərkibində ilk dəfə olaraq səmimi şəkildə salamlaşırlar. Müsbət atmosfer fonunda belə bir görüş baş tutursa, konkret nəticələr barədə razılıq əldə olunub” .
Den.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünü Globalinfo.az-a şərh edərkən deyib.
Politoloq bildirib ki, artıq tərəflər arasında sülh sazişi üzrə şifahi razılaşma var:
“İkitərəfli şəkildə baş tutan görüşdə nəqliyyat və kommunikasiya yollarının açılması, eyni zamanda sülh müqaviləsinin imzalanmasına kimi yazılı şəkildə yeni bir sazişin razılaşdırılması mümkün ola bilər.
Məhəmməd Əsədullazadə
ABŞ-ın birbaşa dəstək verdiyi bu görüşdən sonra yekun sülh müqaviləsinin növbəti mərhələdə imzalanması mümkündür. Təbii ki, ABŞ və Türkiyə sülhün əldə olunmasında maraqlıdır. Ermənistanda cərəyan edən daxili siyasi böhran və Rusiyanın artan təzyiqləri fonunda Bakı ilə razılaşmanın əldə olunması, Paşinyanın seçkilərdə qələbə əldə etmək üçün münbit şəraitin yaradılmasını mümkün edir.
Nikol Paşinyan Ermənistanda revanşist müxalifəti sıradan çıxarır, Erməni Apostol Kilsəsində Rusiyanın təsirini zəiflədir. Baş verənlər sülh üçün münbit şərait yaradır. Artıq Ermənistan Konustitusiya dəyişikliyi üçün komissiya təşkil edib”.