Ermənistan sülh yolu ilə nizamlanma istiqamətində şüurlu seçim etdiyini və Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi üçün ardıcıl addımlar atdığını bəyan edib. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxışı zamanı bildirib.
Ermənistan XİN rəhbəri vurğulayıb ki, bu yolda mühüm mərhələ 2025-ci il 8 avqustda keçirilmiş Vaşinqton Sülh Sammiti olub. Sammitin yekununda Ermənistanın baş naziri və Azərbaycan Prezidenti ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Bundan əlavə, tərəflər suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişi paraflayıblar.
Mirzoyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin yaxın aylarda imzalanacağı və ratifikasiya olunacağına ümid edir. Onun sözlərinə görə, bu addım regionda uzunmüddətli sabitlik və təhlükəsizliyə mühüm töhfə verəcək.

