Vaşinqtonda keçirilən ilk “Sülh Şurası” iclası yeni qlobal diplomatiya mexanizmi formalaşdırmaq cəhdi kimi təqdim olunur.
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan platforma ənənəvi beynəlxalq institutlardan fərqli olaraq operativ qərar qəbulu, onların icrası və maliyyə təminatı modelinə əsaslanır. 40-dan çox dövlətin iştirakı Vaşinqtonun geniş koalisiya formalaşdırmaq imkanını nümayiş etdirməyə yönəlib. Bu barədə Baku TV-nin videomaterialında qeyd olunur, DenMedia.az xəbər verir.
Şuranın əsas diqqət mərkəzi Qəzza sektorudur. ABŞ administrasiyası postmünaqişə mərhələsini təkcə humanitar böhran deyil, həm də təhlükəsizlik və idarəetmə sisteminin islahatı məsələsi kimi qiymətləndirir. Əsas şərtlər sırasında HƏMAS-ın silahsızlaşdırılması, ərazinin demilitarizasiyası və mərkəzləşdirilmiş idarəetmə modelinin yaradılması göstərilir.
Eyni zamanda vurğulanır ki, ABŞ Quru Qoşunları bölgəyə göndərilməyəcək. Bu isə məsuliyyətin beynəlxalq koalisiya iştirakçıları arasında bölüşdürülməsi niyyətindən xəbər verir.
Artıq bir neçə ölkə Qəzzaya stabilləşdirmə qüvvələri göndərməyə hazır olduğunu bildirib. Bu ölkələr sırasında İndoneziya, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniya yer alır. Bu fakt təhlükəsizlik komponentinin beynəlxalq xarakter daşıdığını göstərir.

