Böyük Britaniya kralı Kral III Çarlz ABŞ prezidenti Donald Trampa qarşı açıq tənqid səsləndirməsə də, çıxışında dolayı mesajlar verərək incə şəkildə irad bildirib. Bu barədə Financial Times məlumat yayıb.
Qeyd olunur ki, kralın ABŞ Konqresi qarşısında çıxışı son 30 ildən çox müddətdə britaniya kral ailəsi üzvünün ilk belə müraciəti olub. Rəsmi səfər zamanı tərəflər arasında qarşılıqlı hörmət və birlik görüntüsü nümayiş etdirilsə də, iki ölkə arasındakı gərginliyi gizlətmək mümkün olmayıb.
Məlumata görə, İranla bağlı münaqişə fonunda yaranan fikir ayrılıqları və Trampın Böyük Britaniyanın baş naziri Kir Starmeri tənqid etməsi münasibətlərdə məsafəni daha da artırıb.
Buna baxmayaraq, kral çıxışında ehtiyatlı olsa da, NATO-nun əhəmiyyətini, Ukraynaya dəstəyin vacibliyini, hüququn aliliyini və müstəqil məhkəmə sistemini vurğulayıb. Bu mesajlar bəzi müşahidəçilər tərəfindən ABŞ siyasətinə dolayı tənqid kimi qiymətləndirilib.
Eyni zamanda qeyd olunur ki, Trampın bu fikirləri özünə qarşı yönəlmiş kimi qəbul edib-etmədiyi məlum deyil. Çıxışdan sonra Ağ Ev Tramp və kralın birlikdə güldüyü şəkli “İki kral” başlığı ilə paylaşıb.

