“Avropa üçlüyü” — Böyük Britaniya, Fransa və Almaniya liderləri Ukrayna ilə bağlı Rusiya ilə dialoqda Avropa və ABŞ-ın fəal iştirakına çağırıblar. Bu barədə Londonda keçirilən danışıqlardan sonra yayılan birgə bəyanatda bildirilib.
Bəyanatda Ukrayna və Rusiya arasında birbaşa dialoqun qurulması təklifi dəstəklənib. Qeyd olunub ki, bu proses ABŞ və Avropa ölkələrinin iştirakı ilə aparılmalı, məqsəd isə atəşkəsə nail olmaq və sonrakı danışıqlara şərait yaratmaq olmalıdır.
Görüş iştirakçıları vurğulayıblar ki, Avropa istənilən sülh nizamlanmasında əhəmiyyətli rol oynamalıdır. Onlar Ukrayna, digər Avropa ölkələri və ABŞ-la əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.
“Avropa üçlüyü” uzunmüddətli sülhə nail olmaq üçün döyüşlərin dərhal dayandırılmasını və danışıqların hazırkı təmas xətti əsasında aparılmasını tələb edir.
Liderlər həmçinin münaqişə başa çatana qədər Rusiya aktivlərinin dondurulmuş vəziyyətdə saxlanılmasında israr edirlər.

