Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ səfirliyinin Kiyevi tərk etdiyini, Avropa İttifaqı ölkələrinin bütün diplomatik missiyalarının isə Ukrayna paytaxtında qaldığını bildirib.
O, bunu Kiprdə keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə deyib.
Kallas həmçinin qeyd edib ki, Ukrayna ilə bağlı danışıqlar başlayacağı təqdirdə, Avropa İttifaqı Rusiyadan qarşılıqlı hərbi məhdudiyyətlər tələb etməyə hazırlaşır. Onun sözlərinə görə, Kiyevə hər hansı məhdudiyyət tətbiq olunarsa, bu tədbirlər hər iki tərəf üçün qarşılıqlı olmalıdır.
Bundan başqa, o bildirib ki, Avropa İttifaqı Rusiya qoşunlarının Moldova və Gürcüstandan çıxarılmasında israr edəcək. Kallas söhbətin xüsusilə Cənubi Osetiya və Abxaziyadan getdiyini dəqiqləşdirib.

