10 
avq
2023
16:44
182

İpoteka ilə alınan mənzilə görə ƏDV qaytarılır? - QAYDALAR

10 avq, 2023
16:44
182

İpoteka ilə alınan mənzilə görə ƏDV qaytarılır? - QAYDALAR

Prezident İlham Əliyevin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib.

Fərmandan sonra nağdsız qaydada mənzil alan istehlakçıların çoxsaylı sualları yaranıb. Bunlardan biri də ipoteka kreditləri vasitəsilə alınan mənzillərə görə ƏDV-nin nə zaman qaytarılması məsələsidir. Ümumiyyətlə, bununla bağlı şərtlər və qaydalar ölkə vətəndaşlarının əksəriyyətini maraqlandırır.




İpoteka ilə alınan mənzillərin ƏDV-sinin qaytarılması qaydaları haqqında oxu.az-a danışan iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, bank tərəfindən ipoteka üçün pul ayrıldığı andan vətəndaş ƏDV-nin geri qaytarılmasını həyata keçirə bilər. Ekspertin fikrincə, bəzi hallarda Mənzil-Tikinti Kooperativləri (MTK) iddia edirlər ki, vətəndaş vaxtında müraciət etməyib, ƏDV-nin qaytarılması gecikib, bu, mümkün deyil:
“Vətəndaşlar bilməlidirlər ki, geri qaytarılan vəsait MTK-ya deyil, birbaşa banka qaytarılır. Çünki mənzilin ödənişini bank edir, istehlakçılar isə MTK-ya deyil, banka borclanmış olurlar. Misal üçün, siz ev almaq istəyirsiniz və bunun üçün lazımi qədər pulu olan bir şəxsə müraciət edirsiniz. Həmin şəxsdən borc alıb, evi satan şəxsə ödəniş edirsiniz. Beləliklə, siz evi aldığınız şəxsə deyil, borc pulu aldığınız şəxsə borclanırsınız. İpoteka da belədir. Siz evi nağd almış sayılırsınız və ona görə, alan kimi ƏDV geri qaytarılmalıdır. Bununla bağlı prosedurlar həyata keçirilməli, müvafiq sənədlər təqdim edilməlidir. 

Vətəndaşlar bildirirlər ki, MTK-dan ƏDV-nin geri qaytarılması üçün müraciət edərkən lazım olan qaimə-fakturanı istəyirlər. MTK-lar isə bu məsələdən boyun qaçırırlar. Səbəb də göstərirlər ki, guya evin satılması ilə əlaqədar ƏDV nəzərdə tutulmayıb. Halbuki yeni tikilən binalardakı mənzillərin satılması birbaşa MTK tərəfindən həyata keçirildiyi üçün burada ƏDV mütləq var. Çox güman ki, MTK-lar müəyyən maxinasiyalar üçün belə bəhanələr gətirirlər. Yəni, özlərinin vergidən gizlətdiyi məsələlər var deyə, ƏDV qaytarılmasına müsbət cavab vermirlər. Bəzən isə qeyd edirlər ki, bir il bundan qabaq ev almısansa, sənədi verə bilmərəm. ƏDV-nin geri qaytarılması prosesi əslində 90 gün ərzində həyata keçirilir”.
R.Qarayev onu da vurğulayıb ki, bütün bu qaydalar 2020-ci il yanvarın 1-dən sonra, yalnız birbaşa MTK-dan alınan yaşayış sahələrinə şamil olunur. Yəni “ikinci əl” ev alan vətəndaşlar bu qərardan yararlana bilmirlər:

“Bu məsələdə bir sıra diqqət edilməli məqamlar var. Məsələn, MTK-lara daxili qaydada edilmiş ödənişlər nəzərə alınmır. Qayda yalnız bank yolu ilə ödənilən ödənişlərə şamil olunur. Ödənilmiş ümumi məbləğin 18 faizi ƏDV-dir və həmin verginin yalnız 30 faizi geri qaytarılır. Dövlət vergi xidməti bununla bağlı xüsusi portal istifadəyə verib. Tikinti şirkətləri portalda elektron qaimə tərtib etməli, alıcı isə qaiməni təsdiqləməlidir. 
Hesablanma qaydasına gəldikdə, əgər əmlakın sahəsi 600 kvadratmetrdirsə, o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın bir kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Tutaq ki, 600 kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə, demək, əmlakın bir kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 min manatlıq hissəsinin ƏDV-si hesablanır (18 faiz) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır. Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq.

Diqqət edilməli məqamlardan biri də budur ki, alıcı eyni binadan bir, yaxud bir neçə mənzil aldıqda, ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi alınmış sahələrin hər biri üzrə 500 kvadratmetrdən çox olmayan hissəyə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.
Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla, alıcıya 30 iş günü müddətində bank vasitəsilə qaytarılır”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar