Le Figaro yerli hakimiyyət orqanlarına istinadən xəbər verir ki, Peruda seçki kampaniyası zamanı jurnalist və regional seçkilərdə namizəd olan Syuzi Aponte güllələnərək öldürülüb. Hadisə Karas şəhərində, 44 yaşlı qadının tərəfdarları ilə birlikdə bazarda olduğu vaxt baş verib. Atışma zamanı beş nəfər yaralanıb.
Aponte oktyabrın 4-nə planlaşdırılan regional seçkilərdə namizədliyini irəli sürmüşdü və "China Polo Dominical" saytını idarə edirdi. O, həmin platformada hüquq-mühafizə orqanlarındakı qanunsuzluqları və korrupsiya sxemlərini işıqlandırırdı. Qətldən bir neçə gün əvvəl jurnalist sosial şəbəkələrdə hədə-qorxular aldığını bildirmişdi.
Peru Mətbuat Şurası digər oxşar üstü açılmamış işləri xatırladaraq qətlin araşdırılmasını tələb edib. Polis məlumatlarına əsasən, 2025-ci ildə ölkədə dörd jurnalist həlak olub.

