Sumqayıtda dəhşətli bədbəxt hadisə baş verib.
Denmedia.az xəbər verir ki, hadisə şəhərin Corat bağları ərazisində, 52-ci məhəllə yaxınlığında qeydə alınıb.
Məlumata görə, toy məclisindən qayıdan 38 yaşlı Ruslan Məmmədxanovu hərəkətdə olan sürət qatarı vurub. Nəticədə kişi hadisə yerində həyatını itirib.
Qonşuların sözlərinə görə, Ruslan Məmmədxanov iki azyaşlı uşaq atası olub. Onlar mərhumu sakit təbiətli, zəhmətkeş və ailəsinə bağlı insan kimi xarakterizə ediblər.
Şahidlərin bildirdiyinə görə, qatarın maşinisti hadisədən əvvəl səs siqnalından istifadə edib. Lakin verilən məlumata əsasən, bu, faciənin qarşısını almağa kifayət etməyib.
Hadisə yerinə mərhumun ailə üzvləri və aidiyyəti qurumların əməkdaşları gəlib. Mərhumun nəşi ərazidən götürülüb.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırmanın nəticəsində müəyyənləşəcək.
Nizami Rəsulov
Denmedia.az

