Türkiyənin İstanbul şəhərinin Çatalca rayonunda tarlasını şumlayarkən Bizans dövrünə aid tarixi əşyalar tapan və onları satmağa çalışan şəxs saxlanılıb.
Denmedia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, jandarma əməkdaşları E.H. adlı şəxsin tapdığı tarixi əşyaları satmaq üçün alıcılarla görüşəcəyini müəyyən ediblər.
Görüşdən əvvəl keçirilən əməliyyat zamanı şübhəli saxlanılıb. Onun üzərində aparılan axtarış nəticəsində 48 gümüş sikkə, 3 üzük və 1 möhür olmaqla, ümumilikdə 52 tarixi əşya aşkarlanıb.
Araşdırma zamanı əşyaların Bizans dövrünə aid olduğu müəyyən edilib. Tapıntılar tədqiq və mühafizə olunmaq üçün muzeyə təhvil verilib.
E.H. jandarmadakı prosedurlar başa çatdıqdan sonra sərbəst buraxılıb. Hadisə ilə bağlı araşdırma davam edir.

