Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 5 nömrəli Tibb Mərkəzi ilə bağlı ciddi maliyyə pozuntuları barədə məlumatlar daxil olub. İddialara görə, tibb müəssisəsində milyonlarla manat dövlət vəsaitinin mənimsənilməsi ehtimalı araşdırılır.
Məlumat Denmedia.az-ın qaynar xəttinə daxil olub.
Bildirilir ki, mərkəzin direktoru Fazil Alməmmədovun fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarının diqqətini çəkən faktlar üzə çıxıb.
İddialara əsasən, 2023-2024-cü ildə əsaslı təmir olunaraq istifadəyə verilməsi nəzərdə tutulan xəstəxana üçün dövlət büdcəsindən 30 milyon manat vəsait ayrılıb. Lakin layihə başa çatdırılmayıb, bina və infrastruktur işlərinin yarımçıq qaldığı deyilir. Bu isə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyi ehtimalını gücləndirir.
Məlumatlarda qeyd olunur ki, TƏBİB-in icraçı direktoru vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Vüqar Qurbanovla bağlı da bəzi faktlar üzə çıxıb. İddia edilir ki, mümkün yeyinti məsələsində Fazil Alməmmədovla birgə hərəkət edildiyi ehtimalı araşdırma predmetidir. Hazırda məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən yoxlamaların aparıldığı bildirilir.
Yayılan məlumatlarda həmçinin Fazil Alməmmədovun ölkəni tərk etməyi planlaşdırdığına dair iddialar da yer alır. Rəsmi təsdiq olmasa da, bu ehtimal araşdırmalar fonunda diqqət çəkən məqamlardan biri kimi göstərilir.
Qeyd edək ki, hazırda səsləndirilən bütün məqamlar iddia xarakterlidir və rəsmi qurumların yekun mövqeyi açıqlanmayıb. Araşdırmaların nəticələri və aidiyyəti şəxslərin rəsmi açıqlamaları məsələyə aydınlıq gətirəcək.
Məsələ ictimai maraq doğurduğundan, media və cəmiyyət tərəfindən prosesin şəffaf şəkildə izlənməsi davam edir.
Ellada Rəsul
Denmedia.az

