Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 1 nömrəli tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan iki şagird arasında mübahisə yaranıb.
Denmedia.az xəbər verir ki, baş vermiş mübahisə zamanı şagirdlərdən biri digərinə xəsarət yetirib.
Araşdırmalar zamanı məlum olub ki, hadisə IX sinif şagirdləri Nizam Balayev və İsa Salahov arasında baş verib. Bildirilir ki, şagirdlər ötən gün dərsdən sonra TikTok sosial şəbəkəsində mübahisə ediblər. Bu gün isə həmin mübahisəyə aydınlıq gətirmək məqsədilə görüşərkən aralarında dava düşüb. Nəticədə Nizam Balayevin İsa Salahova xəsarət yetirdiyi bildirilir.
Xəsarət alan şagirdə təhsil müəssisəsində ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya yönləndirilib. Həkim müayinəsindən sonra şagirdin vəziyyətinin qənaətbəxş olduğu müəyyən edilib və o, ambulator müalicə üçün evə buraxılıb.
Hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Məktəbin valideynləri baş verən insidenti böyük təəssüf hissi ilə qarşıladıqlarını bildiriblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi-nin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfillinin verdiyi məlumata görə, fakt üzrə hazırda araşdırma aparılır. Hadisənin bütün halları hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır.
Nizami Rəsulov
Denmedia.az

