ABŞ-ın Avropadakı qoşunlarının sabiq komandanı Ben Hodges hesab edir ki, NATO ilə Rusiya arasında mümkün münaqişə halında Kalininqrad Alyansın ilk hədəfinə çevrilə bilər.
Onun sözlərinə görə, Rusiya NATO ölkələrindən birinə hücum edərsə, Alyans vəziyyətə sürətlə nəzarəti bərpa etməlidir və cavab tədbirləri yalnız hücumun baş verdiyi regionla məhdudlaşmaya bilər.
Hodges bildirib ki, çəkindirmə Rusiyaya açıq şəkildə mesaj vermək deməkdir — o, Kalininqradı çox tez itirə bilər. Bu barədə Welt nəşri yazır.
Sabiq general əlavə edib ki, mümkün qarşıdurma zamanı Qərb tərəfi genişmiqyaslı silah sistemlərini, xüsusilə hava hücumundan müdafiə və uzaqmənzilli kompleksləri zərərsizləşdirmək üçün kiberhücumlar və radioelektron mübarizə vasitələrindən istifadə edə bilər. Bundan sonra isə Kalininqrad ərazisində əsas obyektlərə uzaqmənzilli raketlərlə zərbələr endirilə bilər.

