Azərbaycan Suriya Ərəb Respublikasında dağıdılmış və zədələnmiş məktəblərin tikintisi və bərpasına dəstək göstərəcək.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Fevralın 17-də Rabatda ICESCO-nun mənzil-qərargahında Azərbaycan Elm və Təhsil Nazirliyi, Suriya Təhsil Nazirliyi və ICESCO arasında Suriyanın təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq sazişi imzalanıb.
Sənədə əsasən, təxminən 10 yeni məktəbin tikintisi və 100-ə yaxın zədələnmiş təhsil müəssisəsinin əsaslı təmiri nəzərdə tutulur.
Nazir Emin Əmrullayev bildirib ki, təşəbbüs Suriyada uşaqlar və gənclər üçün təhlükəsiz və müasir təhsil mühitinin yaradılmasına yönəlib. ICESCO-da isə qeyd olunub ki, saziş ölkənin bərpasına və islam dünyasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

