İngiltərədə şahzadə titulundan imtina edən Andrew Mountbatten Windsorun keçmiş həyat yoldaşı Sara Ferqyusonla bağlı altı şirkətin bağlanma prosesinə daxil olduğu açıqlanıb. Fergusonun adı ABŞ orqanları tərəfindən yayımlanan sənədlərdə dəfələrlə çəkilib və onun Jeffrey Epstein ilə yazışmaları üzə çıxıb.
Böyük Britaniyanın rəsmi şirkət qeydiyyat qurumu Companies Houseun məlumatına görə, Ferqyusonun yeganə direktor olduğu altı şirkət üzrə reyestrdən çıxarılma proseduru başladılıb. 2026-cı ilin fevral ayının əvvəlində isə onun xeyriyyə qurumu olan Sarah’s Trust-ın da bağlanacağı elan olunmuşdu.
66 yaşlı Ferqyuson ictimaiyyətdə York Düşesi titulu ilə tanınırdı. Sənədlərdə 2008-ci ildə yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərə görə məhkum olunmuş Jeffrey Epstein ilə 2011-ci ilə aid elektron məktublar yer alıb.
Yayımlanan yazışmalarda Ferqyusonun Epsteinə “Əmrindəyəm. Mənimlə evlən yetər” ifadəsini yazdığı bildirilir. 21 sentyabr 2011-ci il tarixli başqa bir məktubda isə Epsteinın oğul sahibi olduğunu eşidərək onu təbrik etdiyi qeyd olunur.
Sənədlərdə bəzi mesajların Epsteinın 2008-ci ildəki məhkumiyyətindən sonra yazıldığı vurğulanır. Ferqyusonun 2009-cu ildə Epsteina “həmişə arzuladığı bir qardaş” olduğu üçün təşəkkür etdiyi, 2011-ci ildə münasibəti ictimai şəkildə bitirdiyini açıqladıqdan bir ay sonra isə “əziz dostu”ndan üzr istədiyi ortaya çıxıb.

