Qocalı-cavanlı, uşaqlı-böyüklü, qadınlı-kişili hamımız üçün Xocalı bir tərs şillə effekti idi. O şillənin izi Naxçıvandan Bakıya, Şəkidən Lənkərana, Qubadan Qarabağa hamının, hər kəsin üzündə görünür, hiss olunurdu – azərbaycanlı olan hər bir kəs dadmışdı o şilləni, onun acısını, onun ağrısını.
“Den.az” xəbər verir ki, Xocalı faciəsinin 33-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də dərin hüznlə anılır. İdarə və təşkilatlarda, orta və ali məktəblərdə faciə ilə bağlı müxtəlif tədbir və anım mərasimləri keçirilir, mədəniyyət müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciə şahidləri ilə görüşlər təşkil olunur.
Təşkil edilən tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri, Millət Vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, Sumqayıtda yaşayan xocalılılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəsi ziyarət edib, abidə önünə gül dəstələri düzüb, Xocalıda həlak olan soydaşlarımızın xatirəsini ehtiramla yad edib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov və Millət Vəkilləri Sumqayıtda məskunlaşan Xocalı sakinləri ilə görüşüb.
O gecəni ölən günümə qədər unuda bilmərəm. Yoldaşım yanımda şəhid oldu. Özüm 12 gün meşədə qarın altında qaldım. Bu sözləri DenazTv-ə müsahibəsində Xocalı sakini Sona Əliyeva deyib.
Xocalı sakini Aydın Əliyev isə deyir ki, düz 33 ildir şaxta vurmuş əlim işləmir. O günü necə unuda bilərəm axı.
Nə vaxtsa oxumuşdum ki, Xocalının işğal edilməsini də, azad olunmasını da, oraya böyük qayıdışımızı da elə bu adın özü ilə ifadə etmək olar – Xocalı adı ilə. Bu ad, bu ifadə özündə ağrını, acını, dəhşəti ehtiva elədiyi kimi, həm də azadlığı, oraya qayıdışı, oranın yeni nəfəs tapmasını ehtiva edə bilər. Mənə görə Xocalı hər bir azərbaycanlı üçün bir ziyarət yeri, bir məbəddir: ağrının, acının məbədi. Xocalı hər bir azərbaycanlı üçün alınan dərs, müsibət səhifəsi, tarixi yaddaş kitabçasıdır: hər birimizin qan yaddaşı...
Den.az