İyirmi Yanvar günü Azərbaycan xalqının milli suverenliyinin, azadlıq uğrunda yenilməz iradəsinin, mübarizəsinin şanlı səhifəsidir. Düz 34 il əvvəl təpədən-dırnağa qədər silahlanan imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi.
Məhz bu azadlıq mübarizəsində suverenliyimiz üçün canını fəda edənlərin əziz xatirəsi bütün Respublikada dərin ehtiramla yad edilir.
Sumqayıt şəhərində də 20 Yanvar faciəsinin 34-cü ildönümü ən yüksək səviyyədə qeyd olunub. Anım günü ilə bağlı Sumqayıtdakı “Şəhidlər xiyabanı” memorial kompleksində anım tədbiri keçirilib.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər və şəhid ailələri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.
Saat 12-ni göstərəndə şəhərdə bir dəqiqəlik sükut elan olunub.
Daha sonra mərasim iştirakçıları şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər, onların ruhuna dualar oxunub.
Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşən şəhidlərin xatirəsinə ucaldılan abidə də ziyarət olunub, önünə gül dəstələri düzülüb.