Bakıda yol infrastrukturunun yenilənməsi ilə əlaqədar bir neçə küçədə nəqliyyatın hərəkəti qismən və ya tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 16-dan Nəsimi rayonunda Ağadadaş Qurbanov, Yasamal rayonunda Şeyx Məhəmməd Xiyabani və Nizami rayonunda Əliağa Kürçaylı küçələrində məhdudiyyətlər tətbiq olunacaq.
İyulun 17-dən isə Nizami rayonunda Cəmşid Naxçıvanski küçəsində — “8-ci kilometr” bazarının hər iki tərəfində, eləcə də Yasamal rayonunda Ayna Sultanova küçəsində təmir işlərinə başlanacaq.
Hərəkətin qismən və ya tam məhdudlaşdırılması görülən işlərin gedişindən asılı olacaq.
Sürücülərə marşrutlarını əvvəlcədən planlaşdırmaq və alternativ yollardan istifadə etmək tövsiyə olunub.

