Milli Məclis İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə edilən dəyişiklikləri son oxunuşda qəbul edib.
Yeni qaydalara əsasən, ICMAL sistemi cərimələrin nəzarəti üçün “Rəqəmsal dövlət maliyyəsi” platformasına inteqrasiya olunacaq. Yol hərəkəti qaydalarını pozan sürücülərə isə qərarların surəti birbaşa hadisə yerində təqdim ediləcək.
Qanunvericiliyə bir sıra yeni cərimələr və məsuliyyət tədbirləri əlavə olunub.
Belə ki, uşaqlara qarşı zorakılığa görə 200 manat, bu halların gizlədilməsinə və ya tədbir görülməməsinə görə 600 manata qədər cərimə nəzərdə tutulur.
Eyni zamanda, nişanlanmamış süni intellekt materiallarının yayılmasına görə 80–150 manat cərimə tətbiq ediləcək.
Dilənçilik ayrıca maddə kimi müəyyənləşdirilib. Bu əmələ görə 100–200 manat cərimə və ya 10 sutkayadək həbs, azyaşlıların bu prosesə cəlb olunmasına görə isə 500 manata qədər cərimə və ya 15 sutkayadək həbs nəzərdə tutulur.
Bundan əlavə, özəl məhkəmə icraçılarının qanunsuz fəaliyyəti üçün 1500 manat cərimə müəyyən edilib.
Dövlət vəsaitlərinin təyinatı üzrə istifadə olunmamasına görə vurulan zərərin 100 faizi həcmində cərimə, həmçinin 3 ilədək azadlığın məhdudlaşdırılması tətbiq oluna bilər.
Qanunsuz şəkildə süni intellekt vasitəsilə hazırlanmış saxta materialların yayılmasına görə isə 3 mindən 7 min manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Ağır hallarda bu müddət 5 ilə, pornoqrafik məzmunla bağlı hallarda isə 7 ilədək artırıla bilər.

