Kanada hərbçiləri ABŞ tərəfindən mümkün müdaxilə halı üçün partizan müharibəsi ssenarilərini nəzərdən keçirir.
Bu barədə The Globe and Mail nəşri mənbələrə istinadən yazır.
Məlumata görə, ölkənin silahlı qüvvələri “Əfqan mücahidləri tərəfindən istifadə olunan taktikalara bənzər üsyankar mübarizə üsullarını” öyrənir. Məqalədə qeyd olunur ki, Kanada ABŞ-ın mümkün klassik hərbi hücumunu dəf etmək üçün kifayət qədər canlı qüvvəyə və müasir texnikaya malik deyil. Bu səbəbdən alternativ olaraq qeyri-ənənəvi müharibə ssenariləri üzərində işlənilir.
Sözügedən ssenarilərə görə, kiçik qeyri-müntəzəm hərbi qruplar və ya silahlanmış mülki şəxslər pusqular qurmaq, diversiyalar həyata keçirmək, pilotsuz uçuş aparatlarından istifadə etmək və qəfil hücum taktikalarına əl ata bilərlər.
Bununla yanaşı, rəsmi şəxslər və ekspertlər vurğulayırlar ki, ABŞ-ın Kanadaya qarşı hərbi əməliyyat keçirməsi ehtimalı çox aşağıdır və bu planlar yalnız konseptual xarakter daşıyır.

