Ağ Ev ABŞ-ın İranda qızlar məktəbinə endirilən zərbə ilə bağlılığını inkar edib.
Bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Kerolayn Levit danışıb.
Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Minab şəhərində qızlar məktəbinə zərbə endirməsi barədə məlumat yoxdur.
“ABŞ mülki əhaliyə hücum etmir. İranın qanunsuz rejimindən fərqli olaraq biz belə addımlar atmırıq”, — deyə Kerolayn Levit bildirib.
Zərbədə ABŞ-ın iştirakına dair sübutlarla bağlı sual verildikdə, o qeyd edib ki, Pentaqon hadisəni araşdırır.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı “Şir nəriltisi” və “Epik qəzəb” adlı hərbi əməliyyatlara başladıqlarını elan ediblər. Raket zərbələri Tehran və Buşehr daxil olmaqla bir sıra İran şəhərlərini hədəf alıb.
İranın rəsmi məlumatına görə, Minab şəhərində məktəb binasına raketin birbaşa düşməsi nəticəsində 168 nəfər həlak olub.
İran prezidenti Masud Pezeşkian məktəbə endirilən zərbəni kəskin pisləyərək bunu “vəhşilik aktı” adlandırıb.
Daha sonra ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, Pentaqon məktəbə zərbə ilə bağlı məlumatları araşdırır. O, həmçinin vurğulayıb ki, ABŞ Silahlı Qüvvələri heç vaxt mülki obyektləri hədəf almır.

