İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İsrail kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilindiyi üçün nəzarət altında saxlanılır.
Bu barədə The New York Times məlumat yayıb.
Nəşr iddia edir ki, “Mossad” bir il ərzində siyasətçinin cəlb edilməsi üçün gizli əməliyyat aparıb. Əhmədinejadın siyasi rejim dəyişikliyi olacağı təqdirdə İranın potensial lideri kimi nəzərdən keçirildiyi bildirilir.
Məlumata görə, əməliyyatın əsas mərhələlərindən biri Əhmədinejadın İsrail kəşfiyyatının rəhbəri David Barnea ilə 2024-cü ildə Budapeştdə təşkil olunan görüşü olub. İddialara əsasən, İsrail xüsusi xidmət orqanları bu görüş üçün iqlim mövzusunda keçirilən elmi konfransdan pərdə kimi istifadə edib.
Qəzetin materialında İsrail tərəfindən keçmiş prezidentin mətbuat katibi Əkbər Cavanferə müntəzəm pul köçürmələri edildiyi də qeyd olunur.
Məqalədə bu ilin 28 fevral hadisələrinə də xüsusi diqqət ayrılıb. İddiaya görə, İsrailin Tehrana raket zərbəsi zamanı Əhmədinejadın mühafizə binasına ziyan dəyib. Bundan sonra siyasətçinin “Mossad” agentləri tərəfindən qara rəngli Peugeot avtomobili ilə təhlükəsiz yerə aparıldığı bildirilir.
The New York Times-ın yazdığına görə, daha sonra Əhmədinejadla İsrail tərəfi arasında münasibətlər pisləşib və o, gizləndiyi yeri özü tərk edib.
Uzun müddət ictimaiyyət qarşısına çıxmayan sabiq prezident sonuncu dəfə ayətullah Əli Xamenei ilə vida mərasimi zamanı görünüb.
Hazırda Əhmədinejadın statusu qeyri-müəyyən olaraq qalır. Mövcud məlumatlara görə, o, İnqilab Keşikçiləri Korpusunun əməkdaşlarının nəzarəti altında ev dustaqlığında saxlanıla bilər.

