ABŞ Prezidenti Donald Trampın teleprompterini idarə edən əməkdaş prezidentin çıxışlarına dair mərc oyunlarında insayder məlumatlarından istifadə etməsi şübhəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumatı təsdiqləyərək əməkdaşın ödənişsiz inzibati məzuniyyətə göndərildiyini və artıq Ağ Evdə işləməyəcəyini bildirib. Tramp hadisəni “son dərəcə təəssüf doğuran” və “rüsvayçı” adlandırıb.
Araşdırmanın Trampın uzun müddətdir teleprompter operatoru kimi çalışan Qabriel Pereslə bağlı aparıldığı bildirilir.
İddiaya görə, Peres üç ay ərzində Trampın Konqresdəki çıxışı və Davosdakı nitqi də daxil olmaqla ondan çox çıxışın məzmununa dair mərclərdən 100 min dollardan çox qazanc əldə edib.
“Kalshi” proqnoz platforması Trampın çıxışlarında işlədiləcək konkret söz və ifadələrlə bağlı şübhəli əməliyyatlar barədə ABŞ Əmtəə Fyuçersləri Ticarəti Komissiyasına məlumat verib. Məsələ hazırda tənzimləyici qurum tərəfindən araşdırılır.
Prezidentin növbəti xalqa müraciəti zamanı teleprompteri başqa operator idarə edəcək.
Qeyd edək ki, araşdırma yekunlaşmadığından əməkdaşla bağlı iddialar hələ hüquqi baxımdan sübuta yetirilməyib.

