ABŞ Prezidenti Donald Tramp xalqa 27 dəqiqəlik müraciətində seçki təhlükəsizliyi və ölkənin seçki sistemi ilə bağlı sərt açıqlamalar verib.
Tramp 2020-ci il prezident seçkilərinə toxunaraq, təxminən 250 min xarici vətəndaşın qanunsuz şəkildə seçici kimi qeydə alındığını, dünyasını dəyişmiş şəxslərin adlarının isə hələ də seçici siyahılarında qaldığını iddia edib.
ABŞ Prezidenti ilk prezidentlik dövründə Çinin onu istefaya məcbur etməyə və yenidən seçilməsinin qarşısını almağa çalışdığını da bildirib.
Tramp CIA hesabatına istinad edərək, Çin Kommunist Partiyasının 2018-ci ilin ortalarından etibarən onun səs faizini azaltmağa çalışdığını irəli sürüb. O, bu iddialarla bağlı kəşfiyyat sənədlərinin məxfiliyini aradan qaldıracağını açıqlayıb.
Tramp ABŞ-nin seçki sisteminin xarici müdaxilə qarşısında müdafiəsiz olduğunu iddia edib.
“Yüz milyonlarla amerikalı seçicinin məlumatı xarici hökumətlərin əlindədir. Səsvermə maşınlarımız və səslərin hesablanması sistemlərimiz kiberhücumlara, manipulyasiyaya və korrupsiyaya açıqdır”, – deyə o bildirib.
ABŞ Prezidenti ölkədə təhlükəsiz və ədalətli seçki sisteminin qurulması üçün partiyalarüstü yanaşmaya ehtiyac olduğunu vurğulayıb.
Tramp həmçinin onun xalqa müraciətini yayımlamayan televiziya kanallarının yayım lisenziyalarının ləğv edilməli olduğunu söyləyib.

