ABŞ-nin İtaliyadakı səfiri Tilman Fertittanın sahilyanı şəhərlərə superyaxta ilə səfəri ölkədə etirazlara və parlamentdə narazılığa səbəb olub.
Bu barədə Financial Times məlumat yayıb.
Diplomat səfərə dəyəri 450 milyon dollar olan, 117 metr uzunluğundakı “Boardwalk” superyaxtası ilə çıxıb. Tur ABŞ-nin müstəqilliyinin 250-ci ildönümünün qeyd olunması və ABŞ–İtaliya əlaqələrinin vurğulanması məqsədi daşıyıb.
İki ay ərzində Fertitta Palermo, Venesiya və Genuya da daxil olmaqla 13 şəhərə səfər edib.
Narazılığa səbəb səfər zamanı həyata keçirilən genişmiqyaslı təhlükəsizlik tədbirləri olub. Əməliyyata İtaliya Sahil Mühafizəsinin, maliyyə polisinin və liman orqanlarının katerləri, eləcə də helikopterləri cəlb edilib.
İtaliya parlamentinin Yaşıllar və Sol Alyansından olan deputatı Luana Zanella səfəri “maliyyə çatışmazlığı yaşayan İtaliya dövlətinin hesabına təşkil edilən diplomatik tətil” adlandırıb.
Tilman Fertitta sərvətini restoran və otel biznesində qazanıb. Onun aktivlərinin ümumi dəyəri təxminən 11 milyard dollar qiymətləndirilir.
Məlumata görə, Fertitta 2024-cü ildə Donald Trampın gələcək administrasiyasında vəzifəyə namizəd göstərdiyi onuncu milyarder olub.

