apr
2024
13:34
589

2023-2024-cü tədris ilində ölkəmizdə 12044 uşaq xüsusi təhsilə cəlb edilib

2 apr, 2024
13:34
589

2023-2024-cü tədris ilində ölkəmizdə 12044 uşaq xüsusi təhsilə cəlb edilib

“Hədəf bütün təhsil müəssisələrimizdə inklüziv təhsilin həyata keçirilməsidir”

Den.az Muallim.edu.az-a istinadən xəbər verir ki, bu sözləri 2 Aprel- Dünya Autizm Maarifləndirmə Günündə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xüsusi təhsil sektorunun müdiri Anar Xələfov deyib.

Anar Xələfov autizmli və xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsilinin təşkilindən danışıb.
 
Danışmağa elə bu ifadədən başlaya bilərik. “Sağlamlıq imkanı məhdud” ifadəsi diskriminativ termindir. Biz bu ifadəni “xüsusi təhsilə ehtiyacı olan uşaqlar” ifadəsi ilə dəyişməyə çalışırıq və hazırda bu istiqamətdə iş gedir.
 
“Əlilliyi olan” deyərkən əlilliyə görə müavinət alanlar nəzərdə tutulur. Təhsil sistemində 31855 uşaq əlilliyə görə müavinət alır, amma  onların hamısının xüsusi təhsil ehtiyacı yoxdur və onların əksəriyyəti ümumi təyinatlı təhsil müəssisələrində xüsusi şərait yaradılmadan təhsil alırlar. Eyni zamanda əlillik statusu almayan uşaqlar arasında da xüsusi təhsil ehtiyacı olanlar var, onlara xüsusi şərait yaradılmadıqda təhsil almalarında çətinliklər yaranır. Məsələn, nitqində ağır məhdudiyyəti olanlar əlillik statusu almır, lakin onların xüsusi təlim və şərait olmadan təhsil alması çətindir.
 
Sadəcə Azərbaycanda deyil, elə dünyada da əlillik statistikasına görə ən çox yayılan intellektual məhdudiyyətdir. Görmə-eşitmə məhdudiyyətləri ən az olanlardır. Qeyd edim ki, ağır dərəcəli məhdudiyyəti olanlar ümumən xüsusi təhsil ehtiyacı olanların təqribən 5 faizini təşkil edir. 2023-2024-cü tədris ilində ölkəmizdə 12044 uşaq xüsusi təhsilə cəlb edilib. Bunlardan 220 nəfəri 40 məktəbdə inklüziv siniflərdə, 647 uşaq 15 inteqrasiya təlimli internat məktəbində təlim-tərbiyə prosesinə cəlb olunub. 578 uşaq 137 ümumtəhsil məktəbi nəzdində yaradılan xüsusi siniflərdə, 7210 uşaq evdə təhsil alır. 1946 uşaq 8 xüsusi tipli internat məktəbində, 1443 uşaq 5 xüsusi məktəbdə təhsilə cəlb edilib.
 
Xüsusi təhsil sinifləri uşaqların evdə təhsilinin, cəmiyyətdən təcrid olunmasının, eyni zamanda ailədən kənarda – internat məktəblərinə düşməsinin qarşısını almaq məqsədi ilə ayrı-ayrı yerlərdə, hətta kəndlərdə ümumi  təhsil müəssisələrində təşkil edilir. Bu yolla bütün uşaqların birgə və ən yaxın məktəbdə təhsilini təmin etməyə çalışırıq. Ona görə də son 5 ildə məhz xüsusi təhsil siniflərinin təşkilinə üstünlük veririk. Artıq qeyd etdiyim kimi, 137 ümumtəhsil məktəbi nəzdində yaradılan xüsusi siniflərimiz var ki, bu formada 578 uşaq təhsil alır. İnteqrasiyalı təhsil çərçivəsində intellektual, ya da nitq məhdudiyyəti olan hətta 1 uşaq üçün belə ona ən yaxın məktəbdə xüsusi sinif təşkil edilir. Həmin uşaqların hər biri ağır məhdudiyyətli, bir neçə il bundan əvvəl olsaydı, ailəsindən ayırıb internat tipli xüsusi təhsil müəssisəsinə yerləşdiriləcək olanlardır. Biz həmin uşaqlar üçün ümumi təhsil müəssisələrində xüsusi siniflər təşkil etməyə üstünlük veririk və bu proses bundan sonra da davam edəcək. Bunun nəticəsidir ki, hər il belə məktəblərin və belə siniflərin sayı artır.
 
Azərbaycanda təhsil siyasəti dünya praktikasına uyğun olaraq inklüziv təhsili dəstəkləyir. Lakin inklüziv siniflərin təşkili hələlik 40 ümumi təhsil müəssisəsində reallaşıb. Hədəf bütün təhsil müəssisələrimizdə inklüziv təhsildir və buna nail olana qədərki dövrdə inteqrasiyalı təhsilə üstünlük veririk. İnteqrasiyalı təhsilə müvəqqəti, inklüziv təhsil təşkil edilənə qədər üstünlük verdiyimiz təhsil forması kimi baxırıq. Çünki birdən-birə bütün məktəblərdə inklüziv təhsili həyata keçirə bilmirik. Ümumi təyinatlı təhsi müəssisələrində xüsusi təhsilə ehtiyacı olan uşaqlar üçün lazım olan şəraitin yaradılması əsas məqsəd, təhsil siyasətində əsas hədəfimizdir. Ona görə də inteqrasiyalı təhsil tətbiq edirik. Əsas məsələ ailəsində qalmaqla təhsil hüququnun təmin olunmasıdır.
 
İnklüziv təhsilin təşkili, pedaqoji heyətdən daha yüksək səriştə, məktəbdən isə daha yüksək müyəssərlik tələb edir. Təlimlərdən keçmiş müəllimlər, infrastruktur cəhətdən tam hazır məktəblər olmadan inklüzivlik mümkün deyil, çünki hazırlıqsız mühit xüsusi təhsil ehtiyacı olan uşaq üçün aqressiv bir mühitdir. Pedaqoji işin yerlərdə təşkil olunması birinci baryerdir. Daha bir maneə, normativ aktlarda qoyulmuş məhdudiyyətlər, xüsusən inteqrasiyalı təhsilin təşkili qaydaları hazırda bizə mane olur. Məsələn, həmin qaydalara görə, görmə və eşitmə məhdudiyyəti olan uşaqların  təhsili digər uşaqlarla bir yerdə təşkil edilə bilməz. Bu səbəbdən onları inteqrasiyalı təhsilə cəlb edə bilmirik hələlik. Bəndi dəyişmək tələbini irəli sürmək üçün isə yerlərdə mütəxəssislərimiz olmalıdır. Yoxdur, çünki bu sahədə yerlərdə xidmətlər azdır. Xidmət olmalıdır ki, bu ehtiyacı görüb korreksiyaedici pedaqoq ixtisasına yiyələnmək istəyənlər cəsarətlənsinlər. Bunlar biri-birinə bağlıdır. Bu vəziyyətdən çıxış yolu indiki halda ümumi təhsil müəssisələrində yaradılan xüsusi siniflərdir. Bu yolla çalışırıq ki, uşaqlar üçün xidmət əlçatan olsun. Çünki xüsusi təhsilə ehtiyacı olan uşaqların təhsil alması üçün şəraitin yaradılması daha vacibdir. Erkən pedaqoji müdaxilə onların inkişafına təkan verir.
 
Xüsusi internat məktəblərində uşaqların sayı ildən-ilə azalır. Ancaq xüsusi təhsil müəssisələrinin bağlanması planda yoxdur. Hesab edirəm ki, xüsusi məktəbləri, xüsusi sinifləri zəruri edən hallar mütləq olacaq. Elə uşaqlar var ki, onun ehtiyacı xüsusi məktəbdə təhsili zəruri edəcək, ya da uşağa hansısa dövrdə, müəyyən müddətdə xüsusi sinfə cəlb edilməsi vacib olacaq. Misal üçün ağır davranış pozuntusu olan uşaqlar – özlərinin yaxud başqaların sağlamlığına təhlükə yaratdıqda, internat tipli təhsil müəssisələrində bir müddət təhsil almaları tələb oluna bilər. Bəlkə uşağın təhsilinin ilkin mərhələsində ixtisaslaşmış müəssisədə təhsil almasına ehtiyac yaranacaq. Misal üçün, görmə qabiliyyətini qismən, yaxud tam itirmiş uşaqlara brayl əlifbasının və mühitdə istiqamətlənmənin öyrədilməsi üçün, yaxud eşitmə qabiliyyətini tam itirmiş uşaqlara işarət dilinin öyrədilməsi üçün. Ya da xüsusi məktəblər resurs mərkəzi kimi fəaliyyət göstərəcək, buradakı mütəxəssislər ümumi təhsil müəssisələrindəki müəllimlərin təlimləndirilməsində iştirak edə bilərlər. Odur ki, xüsusi məktəblərin bundan sonrakı mərhələdə bağlanması müzakirə mövzusu olmasa da, genişləndirilməsi, sayının artması da planda yoxdur.
 
Təbii ki, buna psixoloji-tibbi-pedaqoji komissiya qərar verir. Bu, qurumlararası - Elm və Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının nümayəndələri, ƏƏSMN-nin yerlərdəki nümayəndələri, TƏBİB-in yerli sahə həkimlərinin iştirakı ilə formalaşan sağlamlıq imkanlarının məhdudluğunun müəyyənləşdirilməsi üzrə səlahiyyətli komissiyadır.
 
Uşağın xüsusi təhsilinin təşkili ilə  bağlı qərarı yalnız psixoloji-tibbi-pedaqoji komissiya verə bilər. Ancaq gələcəkdə istəyərik ki, bu məsələ məktəbin səlahiyyətinə keçsin. Çünki uşağa faydalı olacaq təhsil formasını tədris ili ərzində onu tanımaq imkanı əldə edən məktəb daha yaxşı müəyyənləşdirər, nəinki 20 dəqiqəlik görüşdə psixoloji-tibbi-pedaqoji komissiya.
 
Yerli təhsili idarətmə orqanlarında 6 yaşı olan uşaqların məlumatları toplanılır. Hazırda inklüziv təhsilə cəlb etmə ilə bağlı poliklinikalardan məlumatların toplanma prosesi gedir. Əlillik statusu alıb-almamalarından asılı olmayaraq, bütün sağlamlıq məhdudiyyəti olan uşaqların siyahısı hazırlanır, komissiya onları müayinə edir və ehtiyaclarını müəyyənləşdirir. Bu məlumatlar əsasında valideynə müraciət edilir, o, komissiyaya dəvət olunur. Təbii ki, uşağın psixoloji-tibbi-pedaqoji komissiyadan keçməsi üçün valideynin razılığı lazımdır. Amma o, zəngə, çağırışa cavab vermirsə, ya da etiraz edirsə, uşağın müayinə olunması məhkəmə qərarı ilə mümkün olur. Valideyn narazıdırsa, uşağın müayinəsi çətinləşir, təhsilə cəlb olunması ləngiyir. Bu da, ilk növbədə uşağa ziyan olur, 7-8 yaşına qədər evdə təcrid olunaraq onun təhsil hüququ pozulur, vaxtı gedir, fiziki, emosional, sosial və koqnitiv durumu ağırlaşır.
 
Valideyn ona görə narazıdır ki, düzgün məlumatlandırılmayıb. Bir çox hallarda görürük ki, bəzi mütəxəssislər səhv məlumatlar verirlər. Məsələn, uşağın hansısa “müalicə” nəticəsində “sağalacağına” inandırırlar,  məhdudiyyəti, fərqliliyi xəstəlik kimi göstərməyə çalışırlar. Cəmiyyətdə əlilliyin dərki ilə bağlı çətinliklərimiz var. Bu istiqamətdə də yalnız biz yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerlərdəki nümayəndələri, TƏBİB-in yerli qurumları düzgün məlumat verməlidirlər. Valideynlərə izah etməliyik ki, uşağın “düzələcəyini” gözləməkdənsə, onun daha tez uyğunlaşmasına kömək etmək lazımdır. Valideynlə danışmaq, onu əməkdaşlığa dəvət etmək bizim öhdəliyimizdir. Bununla bağlı məktəblərin psixoloqları onlarla görüşüb uşağın təhsilə cəlb olunmasının əhəmiyyətini  izah edirlər. Mən elə bir halla qarşılaşmamışam ki, valideynlə danışam, amma o, etirazında israr edə. Sadəcə, valideynlər yox, hər birimiz anlamalıyıq ki, məhdudiyyəti olan inasanların düzəlib bizə uyğunlaşacağını gözləməli deyilik, mühiti, cəmiyyəti, təhsili uşaq üçün uyğunlaşdırmalıyıq ki, onların rahatlıqla inteqrasiyasına imkan yaransın.
 
Uşağını oxutmaq istəməyənlərin məsələsi psixoloji məsələ deyil. Tədqiqatlar göstərir ki, valideynlər sağlamlıq imkanları məhdud uşaqların iqtisadi baxımdan müstəqil olacaqlarına inanmırlar. Bir çox cəmiyyətlərdə bu inamsızlıq var. Lakin təcrübə göstərir ki, sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə yanaşı, onlara yaradılan şərait, iş imkanları, hər sahədə nəzərə alınmaları onların gələcəyinə inamı artırır. Tutaq ki, peşə və ali təhsil ala bilmələri üçün şərait, onların gələcəkdə işə düzəlməsi üçün hüquqi bazanın təmin edilməsi, əlilliyi olan şəxslərin işə düzəlməsi ilə bağlı kvota insanlarda onların gələcəyinə, iqtisadi müstəqilliklərinə inam yaradıb. Ali təhsil müəssisələrinə qəbul prosesində Dövlət İmtahan Mərkəzi əlilliyi olan şəxslər üçün kifayət qədər yaxşı şərait yaradır. Elə ali təhsil müəssisələrinin özündə də insanların məhdudiyyətləri nəzərə alınır. Bir neçə universitetdə əlilliyi olan şəxslərə dəstək mərkəzləri yaradılıb. Təlim və imtahan prosesində onlara dəstək göstərilir. Valideynlər bu imkanları görür və uşaqlarının təhsilinə maraq göstərirlər. Bu baxımdan oların davranışları adekvatdır.  Cəmiyyətdə əlilliyə, məhdudiyyətlərə qarşı münasibətin dəyişməsi onların uşaqlarının təhsilinə marağının artmasına gətirib çıxarır. Yenə təkrar edirəm: əsas məsələmiz onlara şərait qurmaqdır. Düzdür, profilaktik tədbirlər də işə yarayır, bu, əlil və məhdudiyyətli doğulanların sayına təsir göstərir. İstər  prenatal, istər yeni doğulanlarda aparılan testlər uşaqların sağlamlığının qorunmasına, eləcə də məhdudiyyətin vaxtında aşkar olunaraq reabilitasiya tədbirlətinin həyata keçirilməsinə təsir edir. Ancaq bu məsələdə vacib sayılan məhdudiyyəti olan insanlar üçün cəmiyyəti uyğunlaşdırmaq, bunun üçün addım atmağa gecikməməkdir. Bu istiqamətdə maariflənmək, problemi vaxtında müəyyənləşdirmək, doğru qiymətləndirmək çox önəmlidir.

Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar