Fitnes məşqçisi və nutrisioloq Yuri Brabeçan bildirib ki, xardal salatlarda və ət yeməklərində mayonezi əvəz edə bilər, lakin bu məhsul hər gün və hər yemək üçün uyğun deyil. Bu barədə o, NEWS.ru-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, xardal müalicəvi məhsul deyil, sadəcə ədviyyə kimi istifadə olunmalıdır və xüsusilə çəkiyə nəzarət edənlər üçün faydalı alternativdir.
“Salatlar üçün mayonez əvəzinə xardal, yunan yoqurtu və göyərtidən hazırlanan sousu tövsiyə edirəm. Bu qarışıq toyuq, hinduşka, ton balığı, kartof və yumurta ilə yaxşı uyğunlaşır. Sağlam yetkin insan üçün gündəlik norma iki çay qaşığıdır”, — deyə Yuri Brabeçan bildirib.
Ekspert qeyd edib ki, xardal az kalorilidir, lakin tərkibində duz mövcuddur.
Bununla yanaşı, bəzi hallarda xardalın istifadəsi tamamilə qadağandır.

Allergiya zamanı xardal rasiondan çıxarılmalıdır. Reaksiya tez inkişaf edir — qaşınma və səpgidən tutmuş dodaqların şişməsi və təzyiqin düşməsinə qədər.
Həmçinin mədə və onikibarmaq bağırsaq xorası, yüksək turşuluqlu qastrit, enterokolit və böyrək iltihabı olan şəxslərə xardal məsləhət görülmür.
Ekspert əlavə edib ki, reflüks və mədə yanması zamanı da acı qidalar vəziyyəti pisləşdirə bilər.

