Türkiyənin Batman şəhərində vəhşi qaban şəhər mərkəzinə girərək insanlara hücum edib, nəticədə azı 3 nəfər xəsarət alıb.
Hadisə Turqut Özal bulvarında baş verib. İlkin məlumata görə, ac qalan heyvan meşədən şəhərə enərək küçələrdə panika yaradıb.
Şahidlərin sözlərinə görə, qaban piyada keçidindən yolu keçən şəxsi böyük sürətlə vurub, zərbənin gücündən həmin şəxs havaya qalxaraq asfaltın üzərinə düşüb. Heyvan isə dayanmayaraq idarəsiz nəqliyyat vasitəsi kimi yoluna davam edib.

Yerli fövqəladə xidmətlərin məlumatına əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb, onlara yerində ilkin tibbi yardım göstərilib və daha sonra xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, qaban şəhər küçələrində qaçdıqdan sonra yenidən meşəlik əraziyə qaçaraq izini itirib. Hazırda onun tapılıb-tapılmadığı barədə rəsmi məlumat verilməyib.

