Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən və ötən əsrin əvvəllərində — 1916-cı ildə inşa olunmuş tarixi xəstəxana binasında uzunmüddətli istismar nəticəsində ciddi aşınma halları aşkarlanıb. Mövcud vəziyyət binanın təhlükəsizlik baxımından qəzalı hesab edilməsinə səbəb olduğundan, burada fəaliyyət göstərən 3 nömrəli Şəhər Xəstəxanasının mərhələli şəkildə köçürülməsi prosesinə start verilib. Xəstəxananın Hacı Zeynalabdin qəsəbəsi, Xətai küçəsi 81 ünvanında yerləşdiyi bildirilir.
Bu barədə "DenazTV"-yə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.
Onun sözlərinə görə, köçürülmə prosesi vətəndaşların tibbi xidmətə çıxışında fasilə yaranmaması üçün mərhələli və koordinasiyalı şəkildə həyata keçirilir.
Qeyd olunub ki, ilkin tibbi xidmətə ehtiyac duyan sakinlərin rahatlığını təmin etmək məqsədilə xəstəxananın həyətində yerləşən ayrıca yardımçı binada fəaliyyət göstərən poliklinika şöbəsi və laborator xidmətlər əvvəlki qaydada işini davam etdirəcək. Bu isə o deməkdir ki, qəsəbə sakinləri gündəlik ambulator müayinələr, analizlər və həkim konsultasiyaları üçün əlavə məsafə qət etməli olmayacaqlar.
Məlumata görə, stasionar şöbələrin bir qismi Sumqayıtın digər tibb müəssisələrinə yönləndirilir və proses artıq icra mərhələsindədir. Bu addım həm xəstələrin təhlükəsizliyinin təmin olunması, həm də tibbi xidmətin fasiləsiz təşkili baxımından vacib hesab edilir. 3 nömrəli Şəhər Xəstəxanası hazırda da TƏBİB-in tabeliyində fəaliyyət göstərən rəsmi tibb müəssisələri siyahısında yer alır.
Hazırkı prosesin növbəti mərhələsində ərazidə yeni, daha müasir və təhlükəsiz səhiyyə müəssisəsinin yaradılması gözlənilir. Bununla da Hacı Zeynalabdin qəsəbəsinin sakinləri uzun illərdən sonra daha keyfiyyətli tibbi xidmət almaq imkanına qovuşacaqlar.
Nizami Rəsulov
Denmedia.az

