Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə açıq məktub ünvanlayaraq Kiyevin birbaşa danışıqlar yolu ilə müharibənin başa çatmasına nail olmağa hazır olduğunu bildirib.
Bu barədə RBC-Ukrayna Ukrayna Prezidentinin rəsmi saytına istinadən məlumat yayıb.
Zelenski qeyd edib ki, mümkün görüşün mütləq Moskva və ya Kiyevdə keçirilməsi vacib deyil. Onun sözlərinə görə, danışıqlar üçün İsveçrə, Türkiyə və ya ərəb regionunun ayrı-ayrı ölkələri kimi müharibə və sülh məsələləri üzrə diplomatik təşəbbüslərə ev sahibliyi edən dövlətlər nəzərdən keçirilə bilər.
“Hazırkı cəbhə xətti diplomatik prosesin başlanmalı olduğu çıxış nöqtəsidir”, deyə Ukrayna Prezidenti vurğulayıb.
O, danışıqlar dövründə tam atəşkəsə, əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə, həmçinin döyüşlər zamanı aparılmış mülki şəxslərin və uşaqların qaytarılmasına hazır olduğunu bildirib.
Zelenski ayrıca vurğulayıb ki, bu prosesdə ABŞ və Avropa ölkələrinin iştirakı vacibdir. Onun sözlərinə görə, məhz bu tərəflər təhlükəsizlik zəmanətləri verə biləcək qüvvələrdir.
“Sizin Rusiyada hakimiyyətdə olduğunuz 26 ilin demək olar ki, yarısı Ukraynaya qarşı müharibədə keçib. NATO, geosiyasət və rus dili haqqında nə desəniz də, bu müharibə sizin şəxsi seçiminizdir — real səbəbi olmayan müharibədir. Tarix bunu məhz belə xatırlayacaq”, deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti həmçinin bildirib ki, texniki ifadələrin arxasında gizlənmək və ya məkik diplomatiyası ilə vaxt itirmək əvəzinə, birbaşa ikitərəfli həll yolları axtarmaq lazımdır.
“Müharibədən çıxmaqdan qorxmayın — indi sizdən tələb olunan əsas şey budur”, Zelenski məktubunda vurğulayıb.

