Azərbaycanın Dubaydakı Baş Konsulluğu https://den.az/hadise/43136-dubay-sahzadesinin-kecmis-xanimi-ve-3-usagi-qacirildi.html Zeynəb Cavadlı ilə bağlı məsələni nəzarətə götürüb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycanın Dubaydakı Baş Konsulluğundan məlumat verilib.
Bildirilib ki, diplomatik nümayəndəlik Dubay əmiri Şeyx Məhəmməd bin Raşid əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Raşid əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlı ilə bağlı mediada yayılan məlumatlardan xəbərdardır.
“Məsələnin araşdırılması və qeyd olunan məlumatların dəqiqləşdirilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin aidiyyəti qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə müvafiq iş aparılır. Baş Konsulluq öz mandatına uyğun olaraq zəruri tədbirlər görür”, deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Zeynəb Cavadlı və onun üç qızının gecə saatlarında Dubay polisi tərəfindən aparıldığı iddia olunur. İdmançının britaniyalı vəkili Devid Heyq məsələ ilə bağlı açıqlamasında həmin hadisədən sonra müdafiə etdiyi şəxslə bütün əlaqənin kəsildiyini bildirib.
Məlumatlarda həmçinin qeyd olunur ki, qızına dəstək olmaq üçün Dubaya gedən Zeynəb Cavadlının anasının evə daxil olmasına icazə verilməyib və onun ölkədən çıxışına qadağa qoyulub.
Hadisə ilə bağlı artıq BMT-yə müraciət edildiyi bildirilir. Bununla yanaşı, təxminən iki ay əvvəl Dubay məhkəməsinin uşaqların ataları Şeyx Səidə verilməsi barədə qərar çıxardığı məlumdur. Həmin sənəddə zərurət yaranacağı halda qərarın “məcburi qaydada, güc tətbiq edilməklə” icra olunacağı vurğulanıb.

