Haberler.com yazır ki, Dubay əmiri Şeyx Məhəmməd bin Raşid əl-Məktumun qardaşı oğlunun keçmiş həyat yoldaşı Zeynəb Cavadlının üç qızı ilə birlikdə Dubay polisi tərəfindən saxlanıldığı iddia olunur.
Məlumata görə, Cavadlıdan bir müddətdir xəbər almaq mümkün deyil.
Zeynəb Cavadlının britaniyalı vəkili Devid Heyq məsələ ilə bağlı BMT-ni təcili müdaxilə etməyə çağırıb.
İddiaların mərkəzində uzun müddətdir davam edən qəyyumluq mübahisəsi dayanır. Bildirilir ki, Zeynəb Cavadlı və keçmiş həyat yoldaşı Şeyx Səid arasında uşaqlarla bağlı hüquqi proses illərdir davam edir.
Hazırda nə Dubay Polisi, nə də Şeyx Səid tərəfi yayılan iddialarla bağlı rəsmi açıqlama verib.
Hadisə beynəlxalq mediada və insan haqları dairələrində diqqətlə izlənilir. Vəkil tərəfi Cavadlı və övladlarının təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edir. Rəsmi təsdiq olmadığı üçün məsələ ilə bağlı əsas məqamlar hələlik iddia səviyyəsində qalır.

