Kaliforniyada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 strateji bombardmançısının qəzaya uğraması nəticəsində təyyarədə olan səkkiz nəfərin həlak olduğu ehtimal edilir. Bu barədə CNN Edvards aviabazasına istinadən məlumat yayıb. Reuters də CNN-in məlumatına əsasən, səkkiz ekipaj üzvünün öldüyünün ehtimal olunduğunu yazıb.
Məlumata görə, hadisə Edvards aviabazasında baş verib. Qəzanın səbəbi və təyyarədə olan şəxslərin kimliyi hələlik açıqlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
B-52H Stratofortress ABŞ istehsalı olan çoxfunksiyalı strateji bombardmançıdır. Təyyarə müxtəlif növ silahlar, o cümlədən nüvə silahı daşımaq qabiliyyətinə malikdir. Onun praktiki uçuş hündürlüyü təxminən 15 min metrə çatır.
B-52 1955-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib, 1962-ci ildə istehsalı dayandırılıb. Buna baxmayaraq, bu model hələ də ABŞ aviasiyasının ən uzun müddət xidmətdə qalan təyyarələrindən biri hesab olunur.
B-52 qitələrarası strateji bombardmançı kimi müxtəlif tipli silahlar, o cümlədən nüvə bombaları və nüvə başlıqlı qanadlı raketlər daşıya bilir. Adətən B-52 ekipajı beş nəfərdən ibarət olur.

